Hamiləlik planlaşdırılmalıdır
Yerləşdirdi: admin Sunday, 22 November 2009 04:23
Nə üçün hamiləlik planlaşdırılmalıdır?
Əgər siz ana, ata olmaq qərarına gəlmisinizsə buna hamiləliyin planlaşdırılmasından başlamaq lazımdır. Bu proses mütəxəssisə müraciət etmək, müayinədən keçmək və mayalanmaya hazırlıq mərhələlərindən ibarətdir. Xüsusilə əgər ilk hamiləlik nəzərdə tutulursa cütlərin bütün sonrakı həyatının “reproduktiv taleyi” həll olunduğu üçün hamiləliyin planlaşdırılmasına kifayət qədər ciddi yanaşılmalıdır.
Tibbi müayinələr, tibbi-genetik konsultasiyalar və s. ən əsası həyatınızdakı bu böyük hadisə öncəsi yaşam tərzinizin dəyişməsi diqqət mərkəzində olmalıdır.
Əgər siz artıq hamiləsiniz və buna sevinirsinizsə biz sizin sevincinizə şərikik. Daha öncə bu haqda bilməməniz sizi qorxutmasın. Körpənin atası ilə birlikdə mütəxəssislərə müraciət edin və bu heç vaxt gec deyil. Lakin bizim məqsədimiz hamiləliyi planlaşdıran ailələri məlumatlandırmaqdır. Çalışacağıq ki, onları maraqlandıra bilən suallara cavab verək.
Beləliklə nədən başlamalı?
Hər iki tərəfin sağlamlığını dəyərləndirmək üçün:
- Terapevt konsultasiyası, sidiyin və qanın ümumi analizinin verilməsi.
- Endokrinoloqun konsultasiyası və qalxanvari vəzin ultrasəs müayinəsi (USM).
- Kiçik canaq orqanlarının USM və ginekoloqun konsultasiyası. Kişi üçün, uroloqun və ya androloqun konsultasiyası.
- Cinsi yolla yoluxan infeksiyaların laborator müayinəsi.
- TORCH infeksiyaların müayinəsi.
- Qanda hormonların təyini.
- Spermoqramma.
- Kişi və qadının tibbi-genetik müayinəsi.
Bu müayinələri planlaşdırılan hamiləlikdən 3-4 ay öncə etmək vacibdir.
Sonda onu demək istərdik ki, sizi müayinələrin sayı və tibbi terminlər qorxutmasın. Əgər siz gələcək övladınızın sağlamlığı üçün hər şey etmək qərarına gəlmisinizsə, bu qərarınız alqışa layiqdir. Ailənin planlaşdırılmış hamiləlik üçün konsultasiyalara getməsi, xüsusi müayinələrdən keçməsi onların bu məsuliyyəti dərk etmələrindən xəbər verir və bunun mükafatı arzu olunan sağlam övladdır.
Qeyd olunan bütün müayinələr və həkim konsultasiyaları “Sağlam Ailə” Özəl Tibb Mərkəzində həyata keçirilir.
Etiketlər: hamiləlik, TORCH infeksiyalar

