Thursday, September 09, 2010
RU

Saytda axtar

Posts Tagged ‘hamiləlik’

Hamiləlik və Hepatitlər

Son zamanlar Hepatitlərin geniş yayılması hamilə qadınlar arasında bu məsələyə diqqəti artırmışdır. Hamiləlik zamanı Hepatit diaqnozu ilə üzləşən qadını öz sağlamlığından çox doğulacaq körpənin sağlamlığı, bu xəstəliyin onun inkişafına göstərə biləcəyi neqativ təsirlər və Ardını oxu: Hamiləlik və Hepatitlər

Hamiləlik və TORCH infeksiyalar

Siz hamiləsiniz, hətta tibbi sənədləriniz belə qeydiyyata alınıb. Lakin sizin bu gözəl əhval-ruhiyyənizi korlayan xüsusi hallar ola bilər. Bu analizlərin verilməsidir: həm də yalnız sidik və qanın deyil, hansısa “tanış” olmayan infeksiyaların analizi. Təəcüblənirsiz, mən xəstə deyiləm, nə üçün müxtəlif laborator müayinələrdən keçməliyəm? Lakin siz xüsusi infeksiyaların daşıyıcısı ola bilərsiniz, hansılar ki, gələcək övladınızın sağlamlığı üçün təhlükəlidir.
Bu səbəbdən bəzi infeksiyalar var ki, onlar mütləq yoxlanılmalıdır.
Bir çox qadınlar müxtəlif infeksiyalara analiz verirlər, amma heç TORCH haqda  məlumatları olmaya bilər. Neçə deyərlər “düşməni üzdən tanımaq lazımdır”.
TORCH infeksiyalar – sözünün abbreviaturası, yəni izahı bu təhlükəli qrupa daxil olan infeksiyaların inglis dilində adlarının baş hərflərdən götürülmüşdür.
T – toxoplasmosis,  O – Other (digər infeksiyalar), R – Rubella (məxmərək), C – Cytomegalovirus (sitomeqalovirus), H – Herpes simpleks virus (herpes). Müasir təsnifata əsasən bu təhlükəli qrupa Parvovirus B19 da aiddir.

Toxoplasma
Toxoplasma gondii tərəfindən törədilir. Törədici iki inkişaf mərhələsi keçir. Cinsi çoxalma pişik orqanizmində gedir və pişik əsas sahib hesab olunur. Aralıq sahib olan bütün istiqanlı canlıların (insan, məməlilər, quşlar) orqanizmində isə qeyri-cinsi çoxalma baş verir.
Yoluxma oral və plasentar yolla ola bilər. Oral yolla – torpaqla kontaktda olan məhsulun gigiyenik qaydalara əməl etmədən qəbulu və şəxsi gigiyenik normalara riayət etmədikdə, ət və ət məhsullarının tam bişməmiş qəbulu zamanı ola bilər.
Plasentar yoluxma zamanı infeksiya anadan dölə ötürülür.
Burada diqqət mərkəzində olan məqamlar bunlardır:
Hamilə şəxsin yoluxması 6 ay və daha çox müddət öncə olubsa infeksiya dölə ötürülməyəcək.
Yoluxma hamiləliyə nə qədər yaxın dövrdə baş veribsə dölə ötürülmə ehtimalı o qədər yüksəkdir.
Rubella
Antroponoz infeksiyadır, infeksiya mənbəyi yoluxmuş uşaqlar, xəstəliyin manifest formasında olan insanlar, anadangəlmə subklinik ifeksiya daşıyıcıları sayılır. Yoluxma mexanizmi hava-damcı yolu ilədir. Şaquli yolla transplasentar ötürülmə baş verir. Uşaqlarda və böyüklərdə fərqli klinikada gedir. Əsas klinik əlamətləri bunlardır: səpgilər, 39°C  hərarət, limfa düyünlərinin böyüməsi və s. Bu əlamətlər 3-5 gün davam edir. 50-60% hallarda simptomsuz gedişə malik ola bilər.
Rubellanın xüsusiyyəti embrional toxumaya qarşı aktiv tropizmin olmasıdır. Hamiləlik daimi immunosupressiya vəziyyətində keçir. Törədicinin teratogen təsiri əsasən I trimestrdə daha ağır olur.
Cytomegalovirus
Cytomegalovirus – virus etiologiyalı infeksion xəstəlik olub, bütün orqan və toxumaları zədələyir. Törədicisi Cytomegalovirus hominis antroponoz herpes virusdur. İnfeksiya üçün 2 dövrü daha qorxuludur: uşaqlıq və hamiləlik. İnfeksiya cinsi yolla və anadan dölə ötürülə bilər. 2-ci halda yoluxma hamiləlik dövründə və doğuş zamanı baş verə bilər. Eyni zamanda infeksiyanın ana südü vasitəsilə də ötürülməsi qeydə alınır. Virusun xəstə insanın spermasında, vaginal möhtəviyyatında, sidiyində, qanında, ağız suyunda və s. aşkarlanması müşahidə olunur.
Herpes
Herpeslərin 100-dən çox növü məlumdur. İnfeksiyanın törədicisi Herpes simplex-dir. İnsan üçün herpeslərin 8 tipi patogendir. Herpes viruslar tərəfindən törədilən xəstəliklər çox geniş yayılmışdır. Son araşdırmalar herpes virusların normal hüceyrələri transformasiya etdiyini aşkarlamışdır. Bu infeksiya da hamilə qadınlar və döl üçün xüsusilə təhlükəlidir. İnfeksiyanın anadan dölə ötürülməsi şaquli və plasentar yolla mümkündür.
Parvovirus B19
DNT genomlu virusdur. Yoluxma əsasən yuxarı tənəffüs yolları vasitəsi ilə baş verir. Klinik olaraq xəstəlik yoluxmuş şəxsin yaşından, immun vəziyyətindən asılı olaraq eritemalar, yüksək hərarət, limfoadenopatiyalar, artritlər və s. simptomlarla müşayiət olunur. Parvovirusun əsas təhlükəli cəhəti yoluxmuş hamilə qadınların infeksiyanı plasentar yolla dölə ötürməsidir. Parvovirus B19 üçün əsas hədəf ana bətnindəki dölün qanyaradıcı hüceyrələridir. İnfeksiya nəticəsində ağır anemiyalar inkişaf edir. Az yaşlı uşaqlarda eritromatoz səpkilər müşahidə olunarkən parvovirus B19 və rubella (məxmərək) arasında differensasiya aparmaq vacibdir. Xəstəliyin klinika-sında, labolator diaqnostik müayinələrdə fərq özünü biruzə verir.

Təbabət inkişaf edir və hal-hazırda bu infeksiyaların həm qarşısını almaq, həm də vaxtında diaqnostika və müalicə aparmaq mümkündür. Öncə bunu qeyd edək ki, hamiləlik hələ planlaşdırılarkən müəyyən laborator diaqnostik müayinələrdən keçmək lazımdır. Diqqətdə saxlamaq lazımdır ki, birincili infeksiyalar daha təhlükəlidir. Əvvəlcə TORCH qrupundan olan hər hansı infeksiyaya qarşı antitellər yoxlanılır, onların miqdarı normaldırsa bu xəstəliklər qadın üçün qorxulu deyil. Amma əgər TORCH infeksiyalara qarşı antitellər aşkarlanmırsa qadın risk qrupuna daxil olur. Bütün hamiləlik dövründə təkrar müayinələrlə yanaşı xüsusi profilaktik tədbirlərə riayət edilməlidir.

Hamiləliyi planlayan qadınlara təklif olunan müayin alqoritmləri.

  • Bütün qadınlar spesifik G (IgG) antitellərinin aşkarlanmasına görə yoxlanılır.
  • Müsbət cavab alındıqda bətndaxili infeksiya riski aradan götürülmür. Müayinə hamiləlik dövründə təkrarlanır. Vacibdir ki, IgG-nin avidlik indeksi təyin olunsun.
  • Mənfi cavab alındıqda qadın periodik olaraq 8-12 həftədən bir M (IgM) antitellərə görə yoxlanılır.
  • IgM müsbət olduqda dölün birincili yoluxma riski yüksəkdir.
  • Serodiaqnostika ilə yanaşı latent və xroniki infeksiyaların vaxtında aşkarlanmasında PZR diaqnostikanın rolu böyükdür. Xüsusilə dölün yoluxma riskini təyin etmək üçün amniosentez vasitəsi ilə dölyanı mayenin virusa yoluxmasını təyin etmək mümkündür.

Toksoplazmozun profilaktikası üçün gigiyenik qaydalara əməl edilməli, pişiklə kontaktdan çəkilməli, ət və ət məhsullarının istifadəsinə diqqət yetirilməlidir.
Məxmərəyin (Rubella) profilaktikası üçün qadın hamiləlikdən bir neçə ay öncə peyvənd olunmalıdır. Bu prosedur daha öncə məxmərəyə yoluxmayan qadınlara tətbiq olunur.
Lakin hamiləlik dövründə və ondan öncə herpes və sitomeqalovirusa qarşı həm qadın həm də kişi müayinədən keçməlidir.
TORCH infeksiyaların ən geniş yayılmış müayinə metodları İFA və PZR-dir. PZR vasitəsi ilə törədicini molekulyar səviyyədə aşkarlamaq, eyni zamanda tipini müəyyən etmək mümkündür. Lakin infeksiyanın birincili, residiv və ya daşıyıcı olduğunu orqanizmin hasil etdiyi antitelləri müəyyən edən İFA vasitəsi ilə aşkarlamaq mümkündür.
Bu və ya digər infeksiyanın hamiləliyin inkişafına və dölə mənfi təsiri törədicinin növündən, hamiləliyin vaxtından, ana orqanizminin immun vəziyyətindən və bir sıra başqa faktorlardan asılıdır.

TORCH dölü nə ilə hədələyir?

  • Əgər yoluxma hamiləliyin 1-ci iki həftəsində baş veribsə embrion məhv olacaq. Əgər hamiləlik davam etsə döldə orqanların çoxlu sayda inkişaf anomaliyaları meydana çıxa bilər.
  • 2 həftədən 11-12 həftəlik hamiləliyədək isə embrionun ölməsi və ya təbii abortla müşahidə olunma ehtimalı daha yüksəkdir.
  • 11-12 həftəlikdən 25-26 həftəlik hamiləlik dövründə isə inkişafdan qalma, yalancı inkişaf anomaliyaları, bətndaxili ölüm baş verə bilər.
  • 26 həftəlikdən doğuma qədər daxili orqanların iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi, vaxtından əvvəl doğuşlar baş verə bilər.

Sağlam Ailə” Özəl Tibb Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz: Vaxtında, düzgün, dəqiq, ən son metodların tətbiqi ilə aparılan laborator müayinə və ən əsası sağlam övlad.

Hamiləlik planlaşdırılmalıdır

Nə üçün hamiləlik planlaşdırılmalıdır?

Əgər siz ana, ata olmaq qərarına gəlmisinizsə buna hamiləliyin planlaşdırılmasından başlamaq lazımdır. Bu proses mütəxəssisə müraciət etmək, müayinədən keçmək və mayalanmaya hazırlıq mərhələlərindən ibarətdir. Xüsusilə əgər ilk hamiləlik nəzərdə tutulursa cütlərin bütün sonrakı həyatının “reproduktiv taleyi” həll olunduğu üçün hamiləliyin planlaşdırılmasına kifayət qədər ciddi yanaşılmalıdır.
Tibbi müayinələr, tibbi-genetik konsultasiyalar və s. ən əsası həyatınızdakı bu böyük hadisə öncəsi yaşam tərzinizin dəyişməsi diqqət mərkəzində olmalıdır.
Əgər siz artıq hamiləsiniz və buna sevinirsinizsə biz sizin sevincinizə şərikik. Daha öncə bu haqda bilməməniz sizi qorxutmasın. Körpənin atası ilə birlikdə mütəxəssislərə müraciət edin və bu heç vaxt gec deyil. Lakin bizim məqsədimiz hamiləliyi planlaşdıran ailələri məlumatlandırmaqdır. Çalışacağıq ki, onları maraqlandıra bilən suallara cavab verək.
Beləliklə nədən başlamalı?

Hər iki tərəfin sağlamlığını dəyərləndirmək üçün:

  • Terapevt konsultasiyası, sidiyin və qanın ümumi analizinin verilməsi.
  • Endokrinoloqun konsultasiyası və qalxanvari vəzin ultrasəs müayinəsi (USM).
  • Kiçik canaq orqanlarının USM və ginekoloqun konsultasiyası. Kişi üçün, uroloqun və ya androloqun konsultasiyası.
  • Cinsi yolla yoluxan infeksiyaların laborator müayinəsi.
  • TORCH infeksiyaların müayinəsi.
  • Qanda hormonların təyini.
  • Spermoqramma.
  • Kişi və qadının tibbi-genetik müayinəsi.

Bu müayinələri planlaşdırılan hamiləlikdən 3-4 ay öncə etmək vacibdir.

Qadınlar üçünHamiləlik və doğuş zamanı qadın orqanizminin bütün orqan və sistemləri gərginlik altında olur. Orqanizmin şəxsi tələbləri 2-ci plana keçir. Yeni kompleksin “ana-plasenta-döl” kompleksinin həyat fəaliyyəti daha priaritetli olur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən doğuşdan sonra qadının orqanizmi 1 ildən tez olmayaraq bərpa olunur.Yeni hamiləliyin isə 2 ildən tez olmayaraq planlaşdırılması nəzərdə tutulur. Hamiləliyə hazırlıq zamanı qadın akuşer-ginekoloqun müayinəsindən keçməli, funksional diaqnostik testləri etməli, infeksion xəstəliklərin və hormonların müayinəsini etdirməlidir.
Kişilər üçünQadın sağlamlığı qədər kişi sağlamlığı da vacibdir. Çox zaman hamiləlik baş verdikdə kişinin reproduktiv sağlamlığı haqqında heç kəs düşünmür. Halbuki aktiv mayalanmaya qabil olan spermatozoid eyni zamanda müxtəlif mikroorqanizmlər və viruslar üçün əlverişli yaşam mühitidir. Məs: xroniki prostatit çox vaxt aşkarlanmamış qalır, gənclik dövründə keçirilmiş bir sıra xəstəliklər formalaşmaqda olan orqanlara təsir göstərir və s. Kişilər mütləq androloji, uroloji müayinələrdən keçməlidir.
Sonda onu demək istərdik ki, sizi müayinələrin sayı və tibbi terminlər qorxutmasın. Əgər siz gələcək övladınızın sağlamlığı üçün hər şey etmək qərarına gəlmisinizsə, bu qərarınız alqışa layiqdir. Ailənin planlaşdırılmış hamiləlik üçün konsultasiyalara getməsi, xüsusi müayinələrdən keçməsi onların bu məsuliyyəti dərk etmələrindən xəbər verir və bunun mükafatı arzu olunan sağlam övladdır.

Qeyd olunan bütün müayinələr və həkim konsultasiyaları “Sağlam Ailə” Özəl Tibb Mərkəzində həyata keçirilir.

Hamiləlik və babasil

Avropa Birləşmiş Tədqiqatlar İnstitununun  hamiləliyin 2-ci və  3-cü trimestrində olan qadınlar arasında apardığı “Xoşbəxt hamiləlik” monitorinq-eksperimenti zamanı çox maraqlı bir fakt aşkarlanmışdır. Gələcək analar “hamiləlikdən zövq almağa sizə nə imkan vermir?” sualına cavab verərkən  onların böyük əksəriyyəti – 63,2%-i qəbizliyin adını çəkmişdir. Qəbizlikdən şikayət edən qadınların 43,6%-i isə hemorroydan əziyyət çəkdiyini söyləmişlər. Özünüz qiymətləndirin: ÜST-ün verdiyi məlumata əsasən   hamilə qadınların 57%-i, doğuşdan sonra isə 30 %-i qəbizlik  problemi ilə üzləşir. Hamilə olmayan qadınlarda 8% hemorroy rast gəldiyi halda, hamilə və zahı qadınların 41-42 %-də hemorroy qeydə alınır. Ona görə belə demək olar ki, hemorroy hamilə qadınların xəstəliyidir.

Hamiləlik zamanı xüsusən onun 2-ci yarısında bağırsaq böyümüş uşaqlıq tərəfindən həm arxaya, həm də aşağı sıxılır. Qan dövranı hissəvi olaraq pozulur, kiçik çanaq damarlarında venoz durğunluq yaranır. Bu səbəbdən bağırsağın dinamikası, boşalması çətinləşir, peristaltikasıs üstləşir, qəbizlik baş verir.

İnsan orqanizmində bağırsaqların yığılması neyro-humoral mexanizmlərlə tənzimlənir. Hamiləlik zamanı bağırsaq əzələlərinin bu cür stimulyatorlara qarşı həssaslığı əhəmiyyətli dərəcədə azalır. Təbiət çox “ağıllıdır”, uşaqlıq və düz bağırsaq ümumi innervasiyaya malikdir və hamiləlik zamanı  düz bağırsaq əzələlərinin güclü peristaltikası uşaqlığın yığılma fəaliyyətini stimullaşdırmaqla hamiləliyin pozulması qorxusunu yarada bilər. Məhz bu müsbət qoruyucu reaksiya xoşagəlməz nəticəyə-qəbizliyə gətirib çıxarır.

Məlum olduğu kimi hamilə qadınların əksəriyyəti emosonal labildirlər, stressdən və əsassız qorxulardan əziyyət çəkirlər. Müasir təbabətdə qəbizliyin əsas əmələgəlmə səbəbi kimi məhz sinir sisteminin disfunksiyaları göstərilir. Digər tərəfdən qəbizlik özü də qadınların psixoemosional statusuna mənfi təsir göstərir. Həmçinin qəbizliyin inkişaf etməsində  allergik, autoimmun proseslər və endokrin tənzimlənmənin pozulması da müəyyən rol oynayır.

Hemorroy, insan populyasiyasında ən geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Xəstəliyin əsas səbəbləri bədənin vertikal vəziyyəti, dietanın xüsusiyyətləri, oturaq əmək və adinamiyadır. Əvvəllər belə hesab edilirdi ki, qadınlarda xəstəliyin rastgəlmə tezliyi kişilərə nisbətən azdır, lakin tədqiqatlar bunun tamamilə əksini ortaya çıxardı; sadəcə olaraq qadınlar buna əhəmiyyət vermirlər və həkimə müraciət etmirlər.

Xəstəlik və onun kəskinləşməsi əsasən hamiləlik zamanı və doğuşdan sonra rast gəlinir ki, bu da qarındaxili təzyiqin artması ilə bağlıdır. Hərəkətverici amil kimi hamilələrdə düz bağırsağın hipotoniyası ilə əlaqədar baş verən qəbizlik çıxış edir.  Hemorroylu hamilə qadınlarda  qəbizlik simptomunun rastgəlmə tezliyi 86%-ə çatır. Hamiləlik müddəti artdıqca xəstəliyin rastgəlmə ehtimalı da yüksəlir. Lakin ailədə venoz patologiyaya irsi meyllik olan hallarda hemorroy 2-ci trimestrin 1-ci yarısında özünü göstərir, çünki bədənin aşağı yarısında və çanaqda qanın durğunluğu həm adi quruluşlu venaların, həm də düz bağırsağın kavernoz toxuma venalarının işini çətinləşdirir. Qeyd edək ki, hemorroyla xəstələnmə halı  birinci və ikinci hamiləliklərdə sonrakı hamiləliklərə nisbətən daha tez-tez rast gəlinir.

Xəstəlik 2 əsas sindrom şəklində özünü göstərir – kəskin tutmalarxroniki gediş.
Kəskin tutmaların inkişafı əsasən  hemorroidal düyünlərin trombozu zamanı baş verir. Hemorroidal düyünlərin trombozu onların kəskin böyüməsi, sərtləşməsi və anal dəlik nahiyəsində güclü ağrıların olması ilə səciyyələnir. Adətən tromboz daxili düyünlərdən başlayır və daha sonra xarici düyünlərə keçir. Xroniki gediş üçün xarakterik simptomokompleks defekasiya aktı zamanı qanaxmadan və hemorroidal düyünlərin anal dəlikdən düşməsidir.Bu əlamətlər anal nahiyədə qaşınma, yanğı hissiyatı, sulanma və sürtünmə ilə müşayiət edilir.

Xarici hemorroidal düyünlər-aşağı venoz kələfdən inkişaf edir və bilavasitə anusun dərisi altında yerləşir,daxili hemorroidal düyünlər isə yuxarı venoz kələfdən inkişaf edir və düz bağırsağın selikaltı qatında yerləşir.

Qanaxma, xəstəliyin əsas simptomu kimi, xəstələrin 50%-də müşahidə olunur. Tezliyinə görə ikinci əlamət hemorroidal düyünlərin düşməsi hesab edilir. Həmçinin xəstələrin 9%-də anal nahiyənin qaşınması, 5%-də anal nahiyənin diskomfortu, 2%-də selik ifrazı qeyd olunur.

Aparılan kliniki tədqiqatlar göstərmişdir ki, 232 hamilə qadından 46,1 %-də anal nahiyədə ağrı, 37,1 %-də rektal qanaxma, 27,6 %-də isə anal nahiyədə qaşınma müşahidə edilir. Müşahidə edilən qadınların 61,3%-də xarici hemorroy qeydə alınmışdır ki, bu da palpasiya zamanı əl altında həcmi azalan ziyiləbənzər törəmələr və ya büküşlər şəklində özünü biruzə vermişdir. Daxili hemorroy 38,7% hallarda rast gəlinmişdir və düyünlər selikli qişanın büküşləri arasında yerləşməklə tək və çoxsaylı olur, öskürək zamanı dolur, sıxma zamanı isə boşalırlar. Hamilələrin 11,5%-də hemorroy anal çatla müştərək qeyd olunmuşdur. Qeyd edək ki, 20- 30 yaşlı xəstələr arasında hər 5-ci qadında, 30 yaşdan sonra isə hər ikinci qadında hemorroy qeyd edilir.

Qadınlar babasilə əhəmiyyət verməsələr də, xəstəlik həm hamiləliyin gedişini ağırlaşdırır, həm də doğuşdan sonra qadınların həyat keyfiyyətini və əmək qabiliyyətini aşağı salır. Əslində qəbizliyin müşahidə edilməsi və  bu xəstəlik qadınlarda tez-tez rast gəlinən çanaq dibi əzələlərinin zəifliyi patologiyasının başlanğıc mərhələsidir. Təkrari hamiləlik, çoxsaylı doğuşlar və çanaq dibi əzələlərinin anadangəlmə zəifliyi yaş artdıqca uşaqlıq sallanması, düz bağırsaq və sidik kisəsinin sallanması, rektosele, sfinkter çatmamazlığı,sidiyini saxlaya bilməmək və s. kimi ağırlaşmaların inkişafına gətirib çıxarır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün xəstəliyi vaxtında müalicə etmək lazımdır. Xüsusi dieta, gimnastik məşğələlər, çanaq orqanlarının bağ aparatını möhkəmləndirir və düz bağırsağın atoniyasını aradan qaldırır.

Cərrah-proktoloq: Asiman Əhmədova

Reklam